"...Əksinə, Azərbaycana qarşı aqressiyası anti-Rusiya reaksiyasını yüksəldir" - Oqtay Qasımov

12:00 01.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Rusiya tərəfinin bu davranışları gözlənilən idi. Çünki Rusiyanın etimadsız tərəfdaş olduğu bir çox faktlarla dəfələrlə təsdiq olunub. Mərhum Dudayevin dediyi kimi, Rusiyanın imzası suyun üzərinə atılmış imza kimidir".

Bunu Hafta.az-a siyasi şərhçi Oqtay Qasımov TASS agentliyinin Azərbaycanın əraziləri ilə bağlı təxribatçı yazılara yer verməsi ilə bağlı açıqlamasında deyib.

Siyasi ekspert qeyd edib ki, Rusiya öz imzasına hörmətsiz yanaşır, 1994-cü ildə təhlükəsizliyinə təminat verdiyi Ukraynaya qarşı 4 ildir işğalçı müharibə aparmaqdadır. Eyni zamanda, Azərbaycanla bağlı davranışları birmənalı deyil:

"Rusiyanın dövlət agentliyində Azərbaycan ərazisi olan Xankəndinin adının keçmiş separatçı adı ilə adlandırılması bu imperiya iddiasında olan bu dövlətin əsl mahiyyətini ortaya qoyur. Bu bir daha göstərir ki, rəsmi Bakını iki il əvvəl Rusiya ilə imzaladığı strateji müttəfiqlik sənədinin onlar üçün heç bir dəyəri yoxdur. Rusiya yalnız şovenist təfəkkürü ilə qonşülarına yanaşır. Bu da tərəflərin münasibətlərinə ciddi zərər verməkdədir. Keçmiş sovet ölkələri içərisində tolerant mövqeyi ilə seçilən Azərbaycana qarşı aqressiya anti-Rusiya reaksiyasını yüksək həddə çatdırıb".

O.Qasımov hesab edir ki, belə bir fonda Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi açıqlama labüd və yerində verilmiş cavabdır:

"Rusiya özü başqa xalqların ərazilərində qurulmuş bir dövlətdir. Məhz bunun üçün milyonlarla yerli xalq məhv edilib. Onlara qarşı, soyqırım, deportasiyalar törədilib, yaşadığı yurdları, torpaqları yandırılıb, işğal olunub.
Bu coğrafiya Şimali Qafqazdan tutmuş Sibir, Orta Asiya, Uzaq Şərqdən Avropaya qədər olan ərazilərdir. Rusiyanın hazırda atdığı addımlar Qafqazda sülhü əngəlləmək və yenidən Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində qurulan masanın başına keçmək, öz təsirini artırmağa hesablanıb. Amma bu cəhdlər əbəsdir, heç bir nəticə verməyəcək".

O.Qasımov vurğulayıb ki, belə təxribatlara hazır olmalı və adekvat cavab verməyi bacarmalıyıq.